
Qızıl qiymətləri çərşənbə günü bir qədər yüksəlib. İnvestorlar Federal Ehtiyat Sisteminin (Fed) bu gün açıqlayacağı qərarı və sədr Jerome Powell-in verəcəyi yönləndirməni gözləyir. Bankın faiz dərəcələrini endirməsi gözlənildiyi bir vaxtda gümüşün kəskin yüksəlişi davam edərək, unsiya üzrə $60 həddini keçib və yeni rekordlar qeydə alıb.
Spot qızıl 0,2% artaraq 4.215,61 dollar olub. Fevral təslimatlı ABŞ qızıl fyuçersləri isə 0,2% bahalaşaraq 4.244,70 dollara yüksəlib.
Gümüş isə son günlər tarixi yüksəlişini davam etdirir və çərşənbə axşamı unsiya üzrə $60 həddini ilk dəfə aşaraq, bu gün $61,46 ilə yeni rekord səviyyəyə çatıb.
Ağ Ev iqtisadi müşaviri Kevin Hassett bildirib ki, ABŞ-ın hazırkı iqtisadi dinamikası fonunda faiz dərəcələrinin azaldılması üçün “kifayət qədər imkan” mövcuddur. Bu açıqlama qiymətli metallara olan tələbatı daha da gücləndirib.







