
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla 43 ölkəni əhatə edən “Təbii həllərə əsaslanan materiallar bazarının inkişaf platforması” adlı regional texniki yardım layihəsini təsdiqləyib.
BBN.az xəbər verir ki, bu barədə ADB məlumat yayıb.
Məlumata görə, layihənin ümumi dəyəri 1,5 milyon ABŞ dollarıdır və maliyyələşdirmənin ADB-nin Xüsusi Texniki Yardım Fondu hesabına həyata keçirilməsi nəzərdə tutulur.
ADB bildirir ki, layihə bankın inkişaf etməkdə olan üzv ölkələrində müsbət karbon balansına malik təbii həllərə özəl investisiyaların cəlb olunmasını sürətləndirəcək. Sürətlə böyüyən bitkilər və bərpa olunan bioloji resurslar, o cümlədən bambuk əsasında istehsal olunan materiallar iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə, eyni zamanda iqtisadiyyatın və özəl sektorun inkişafına töhfə verəcək.
Texniki yardım çərçivəsində ekosistemlərin qiymətləndirilməsi, pilot layihələrin sınaqdan keçirilməsi və risk kapitalını cəlb edən tərəfdaşlıq platformasının yaradılması yolu ilə təbii həllərə əsaslanan materiallar sənayesinin inkişafına dəstək göstəriləcək.
Layihə sənaye tərəfdaşlığı əsasında təbii həllərə əsaslanan materiallar bazarının regional inkişaf platformasının formalaşdırılmasını nəzərdə tutur. Platforma karbon emissiyalarının azaldılmasına yönəlmiş təbiətyönümlü layihələrə özəl investisiyaların sürətlənməsinə xidmət edəcək.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə ümumilikdə təxminən 5,6 milyard ABŞ dolları həcmində investisiya qoyub. Bunun 4,4 milyard dolları dövlət sektorunun, 1,2 milyard dolları isə özəl sektorun payına düşür. Nəqliyyat (1,5 milyard dollar) və enerji (1,7 milyard dollar) sektorları ən çox maliyyələşdirilən sahələr olub.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB-nin Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya yatırmağa hazır olduğu bildirilir.
ADB 1966-cı ildə yaradılıb, mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankın 69 səhmdar ölkəsi var, onlardan 50-si Asiya–Sakit okean regionuna daxildir.







