
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanı ağıllı enerji sistemləri və elektrik şəbəkələrinin inteqrasiyası üzrə həyata keçirilən regional təşəbbüsə cəlb edib.
BBN.az xəbər verir ki, məlumata görə, ADB-nin icra etdiyi və hazırda aktiv olan layihənin ikinci mərhələsində Azərbaycan benefisiar ölkələr siyahısına daxil edilib.
Layihə bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə səmərəli qoşulması üçün ağıllı enerji sistemlərinə yatırımların artırılmasını nəzərdə tutur. Bu çərçivədə innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi təşviq olunur, enerji infrastrukturunun müasirləşdirilməsi hədəflənir.
ADB-nin məlumatına əsasən, regional layihənin ikinci mərhələsi hazırda Azərbaycan və Tailandı əhatə edir. Eyni zamanda, təşəbbüsün digər inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun olaraq genişləndirilməsi də planlaşdırılır.
Bildirilir ki, Qazaxıstanda elektrik mobilliyi və şarj infrastrukturunun inkişafı, Qırğızıstanda data mərkəzləri, Tailandda isə data mərkəzləri üçün dayanıqlı enerji təminatı istiqamətləri üzrə müzakirələr aparılır.
Qeyd edək ki, layihə enerji sektorunda suveren maliyyələşmə mexanizmi əsasında həyata keçirilir və əsas məqsəd bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyasını gücləndirməklə yanaşı, elektrik sistemlərinin rəqəmsallaşdırılmasını təmin etməkdir. Layihə üzrə hazırda ictimaiyyətə açıq texniki sənədlər mövcud deyil.







