
2024-cü ildən etibarən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) dəstəyi ilə 13 mindən çox həyat sığortası və 37 mindən artıq əmlak sığortası müqaviləsi rəsmiləşdirilib.
BBN.az xəbər verir ki, bunu İKZF-nin Baş meneceri Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, son üç il ərzində Fondun vəsaiti hesabına təqdim edilən ipoteka kreditləri çərçivəsində ümumilikdə 11,6 min daşınmaz əmlakın qiymətləndirilməsi aparılıb.
Rasim Abdullayev qeyd edib ki, 2026-cı ilin ilk 6 ayında ipoteka krediti hesabına alınan mənzillərin orta qiyməti 160 min manat təşkil edib.
Məlumata görə, adi ipoteka kreditləri ilə alınan mənzillərin orta dəyəri 175,5 min manat, güzəştli ipoteka kreditləri ilə əldə edilən mənzillərin orta qiyməti isə 133,4 min manat olub.
Hesabat dövründə ipoteka kreditlərinin orta məbləği 101 min manat, orta müddəti 290 ay, orta çəkili faiz dərəcəsi 6,4% təşkil edib. Kreditlərdən yararlanan vətəndaşların orta yaşı 34 olub.
Bildirilib ki, ipoteka kreditləri üzrə aylıq ödənişlərin orta göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə azalaraq 702 manata enib.
Fond rəsmisinin sözlərinə görə, hazırda ipoteka kreditləri üzrə orta çəkili faiz dərəcəsi 6,5%-lik uçot dərəcəsinə yaxın səviyyədədir.
Rasim Abdullayev Azərbaycanda ipoteka kreditləri üzrə faiz dərəcələrinin bəzi Avropa ölkələri ilə müqayisədə daha əlverişli olduğunu qeyd edib. Onun sözlərinə görə, bir sıra ölkələrdə iqtisadi vəziyyətlə əlaqədar ipoteka kreditlərinin faizləri mərhələli şəkildə artırıldığı halda, dövlət dəstəyi sayəsində Azərbaycanda Fond tərəfindən ipoteka faizlərinin uzun müddət sabit saxlanılması təmin edilib.
Hazırda güzəştli ipoteka kreditləri üzrə maksimum faiz dərəcəsi 4%, adi ipoteka kreditləri üzrə isə 8% müəyyən edilib.




