
ABB-nin törəmə maliyyə təşkilatı “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni sədr seçilib.
Səhmdarların ümumi yığıncağının qərarı ilə bu vəzifəyə Aqşin Əmirov təyin olunub.
Aqşin Zəkaray oğlu Əmirov 1978-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsini bitirib. 2013–2014-cü illərdə Böyük Britaniyada yerləşən “London Business School”da MBA dərəcəsi alıb.
Əmək fəaliyyətinə bank sektorunda başlayan A.Əmirov 2004–2016-cı illərdə “Bank Respublika” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2007–2016-cı illərdə bankın İdarə Heyətinin üzvü və sədr müavini olub.
2016-cı ildən etibarən isə o, ABB-nin İdarə Heyəti sədrinin müavini və bankın Baş risk inzibatçısı vəzifəsində fəaliyyət göstərir.
Qeyd edək ki, “ABB-İnvest” İnvestisiya Şirkəti 2020-ci ilin iyun ayında Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən yaradılıb. Şirkətin nizamnamə kapitalı 3 milyon manatdır.







