
2025-ci ildə Azərbaycanda (kondensatla birlikdə) 27,7 milyon ton neft hasil edilib. Bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarda bildirilib.
Qeyd olunur ki, bu göstərici 2024-cü illə müqayisədə 1,4 milyon ton və ya 4,8% azdır.
Ötən il “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 16,2 milyon ton neft hasil olunub ki, bu da əvvəlki ilə nisbətən 0,6 milyon ton və ya 3,6% azalma deməkdir.
“Şahdəniz” yatağından isə 3,8 milyon ton kondensat çıxarılıb. Bu göstərici 2024-cü illə müqayisədə 0,4 milyon ton və ya 9,5% azdır.
Bundan əlavə, “Abşeron” yatağından 0,6 min ton qaz kondensatı hasil edilib ki, bu da ötən ilki səviyyədədir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft hasilatı isə 7,1 milyon ton təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 0,4 milyon ton və ya 5,3% azalma göstərir.
Qeyd edək ki, “Abşeron” yatağı 1960-cı illərdə kəşf olunub və burada 350 milyard kubmetr qaz ehtiyatı olduğu bildirilir.
“Azəri-Çıraq-Günəşli” yataqlarından ilk neft 1997-ci ildə hasil olunmağa başlayıb. Yataqların işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb və 2017-ci ildə yeni sazişlə 2049-cu ilin sonunadək işlənməsi nəzərdə tutulub.
“Şahdəniz” yatağının kəşfi və işlənməsi ilə bağlı saziş 1996-cı ildə imzalanıb, yataq 1999-cu ildə kəşf edilib.







