
Gözləntilərə əsasən, Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 2026-cı ildə 1,8 faiz, 2027-ci ildə isə 1,7 faiz artacaq.
Hesabatda qeyd olunur ki, ölkədə iqtisadi artım əsasən karbohidrogen sektorundakı məhdudlaşdırıcı amillər və fiskal siyasətin sərtləşdirilməsi fonunda zəifləyəcək.
Dünya Bankının qiymətləndirməsinə görə, mövcud proqnozlar son illərdə müşahidə edilən artım dalğalanmaları ilə müqayisədə daha zəif dinamikanı əks etdirir. Belə ki, Azərbaycanın ÜDM-i 2024-cü ildə 4,1 faiz artıb, 2023-cü ildə isə 1,4 faiz azalıb. 2025-ci il üzrə iqtisadi artım 1,9 faiz səviyyəsində qiymətləndirilir.
Hesabatda vurğulanır ki, Azərbaycanda iqtisadi fəallığın karbohidrogen hasilatının azalması, qlobal neft qiymətlərinin enməsi və fiskal siyasətin sərtləşdirilməsi səbəbindən məhdud qalacağı gözlənilir.
Bununla yanaşı, Dünya Bankı regional iqtisadi dinamikanın yaxşılaşdığını qeyd edərək bildirib ki, 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin paraflanması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında ölkədə 116,3 milyard manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Məlumata görə, neft-qaz sektorunda əlavə dəyər 1,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2 faiz artım qeydə alınıb.
ÜDM-in strukturunda sənayenin payı 34 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri 10,6 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,2 faiz, tikinti 6,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 6,4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiya və kommunikasiya sektoru 1,9 faiz, digər sahələr isə 21,1 faiz təşkil edib. Məhsullar və idxal üzrə xalis vergilərin ÜDM-də payı 9,5 faiz olub.
Hesabat dövründə adambaşına düşən ÜDM 11 356,4 manat təşkil edib.




