Ötən ilin yanvar–noyabr aylarında Azərbaycan 5 milyard 42 milyon ABŞ dolları dəyərində 48 min 402 kiloqram qızıl idxal edib. Söhbət qızılın yarımişlənmiş formalarından – çubuqlar, məftil və profillər, lövhələr, eləcə də qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və lentlərdən gedir.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 86 %, kəmiyyət baxımından isə 42 % çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox qızıl aşağıdakı ölkələrdən idxal olunub:
-
Avstraliya – 889,8 milyon ABŞ dolları dəyərində 8 099 kiloqram (dəyər üzrə 26 % az, kəmiyyət üzrə 47 % az),
-
ABŞ – 725,6 milyon ABŞ dolları dəyərində 6 458 kiloqram (müvafiq olaraq 18 % və 41 % az),
-
Rusiya – 656,8 milyon ABŞ dolları dəyərində 6 784 kiloqram (dəyər üzrə 4 dəfə, kəmiyyət üzrə 3 dəfə artım),
-
Böyük Britaniya – 481,3 milyon ABŞ dolları dəyərində 4 861 kiloqram (ötən il simvolik həcmdə idxal olunmuşdu),
-
İsveçrə – 396,3 milyon ABŞ dolları dəyərində 3 453 kiloqram (dəyər üzrə 2,6 dəfə, kəmiyyət üzrə 75 % artım).
Məlumata görə, 2020–2023-cü illərdə Azərbaycana ümumilikdə cəmi 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram qızıl idxal olunduğu halda, təkcə 2024-cü ildə bu göstərici 3 milyard 313 milyon ABŞ dolları və 41 min 78 kiloqram təşkil edib.
Eyni zamanda, ötən ilin ilk 11 ayında Azərbaycan qızılı yalnız İsveçrəyə ixrac edib. Bu ölkəyə 297,45 milyon ABŞ dolları dəyərində 4 312 kiloqram qızıl tədarük olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər üzrə 59 %, kəmiyyət üzrə isə 8,5 % çoxdur.





