ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial media səhifəsində Davos təəssüratlarını paylaşıb.
Həmin paylaşım mətnini aşağıda diqqətinizə çatdırırıq:
“Bu il ilk dəfə Dünya İqtisadi Forumunda (World Economic Forum) iştirakçı oldum və Davosda keçirilən bu mötəbər tədbirdə ABB-ni təmsil etdim. Müxtəlif sessiyalarla, ikitərəfli görüş və müzakirələrlə zəngin, çox məhsuldar bir həftə keçdi.
Forumun ən unudulmaz, qürurverici anlarından biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin panel çıxışı idi. Dövlət rəhbərimiz mükəmməl sülh gündəliyi, ölkəmizin və regionumuzun gələcəyinə strateji baxışı ilə bölgənin aydın iqtisadi-siyasi vizyonunu formalaşdırdı.
Davos təəssüratlarımda xüsusi yer tutan bir neçə digər məqamı da bölüşüm.
– BlackRock-un CEO-su Larry Finkin Süni İntellekt və texnologiya biznesinin üç qlobal lideri – Jensen Huang (NVIDIA), Elon Musk (Tesla / SpaceX / xAI) və Alex Karpla (Palantir) ayrı-ayrılıqda apardığı müsahibələrdən özüm üçün belə bir nəticə çıxardım ki, Süni İntellektin yaratdığı əsas təsir fərqi insanlar və maşınlar arasında olmayacaq. Süni İntellekti artıq geniş miqyasda tətbiq edən iqtisadiyyatlarla onun tətbiqində hələ də tərəddüd hissi keçirənlər arasında olacaq. İcra və idarəetmə indi ideyalardan da, kapital qoyuluşu imkanlarından da daha vacibdir.
– JPMorgan Chase-in CEO-su Jamie Dimonun moderatorluğu ilə keçən, Birləşmiş Krallığın maliyyə naziri Rachel Reevesin iştirak etdiyi qapalı debata da JPMorgan-ın tərəfdaşı qismində qatılmaq fürsətimiz oldu. Bu debatın öyrətdiyi əsas həqiqəti qısaca belə ümumiləşdirərdim: İndi artım, daha çox tələbdən deyil, uzunmüddətli kapitalın nə qədər effektiv yerləşdirilməsindən yaranır.
– Elm və tibb texnologiyası sahəsindən qlobal liderlərin iştirak etdiyi beyin sağlamlığı mövzusunda sessiyada isə belə qənaət yarandı ki, beyin sağlamlığı artıq sadəcə rifah mövzusu sayılmamalıdır. O, iqtisadi bir amildir. Çünki stress, yuxusuzluq, zehni yorğunluq məhsuldarlığa, qərar keyfiyyətinə ölçüləbilən şəkildə təsir göstərir.
Bu bir həftə ərzində Davos öyrənmək, aydınlanmaq, bugünün trendlərinə əsaslanıb sabah haqqında təsəvvürləri dəqiqləşdirmək imkanları ilə dolu idi.
Burada bir daha anladım ki, çatmaq istədiyimiz hədəflər düşüncələrimizdəki anlayışları hansı şəkildə reallığa gətirəcəyimizdən asılıdır.
Dünya İqtisadi Forumu – 2026-nın əsas mövzusu olan “Dialoq ruhu” ilə gələcəyə doğru yolumuza davam!“





