
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73 milyard 641,5 milyon ABŞ dolları təşkil edib. BBN.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 % çoxdur.
Məlumata görə, 2025-ci ildə ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 14 milyard 627,2 milyon manat olub.
Hesabat ilində Fond neft-qaz sazişlərinin icrasından 10 milyard 266,3 milyon manat gəlir əldə edib. Bunun 9 milyard 497 milyon manatı mənfəət neft-qazının satışından, 765,7 milyon manatı bonus ödənişləri və tranzitdən, 3,6 milyon manatı isə akrhesabı ödənişlərdən formalaşıb. “Azəri-Çıraq-Günəşli” yatağından 8 milyard 292,9 milyon manat, “Şahdəniz” yatağından isə 958,8 milyon manat daxilolma qeydə alınıb. Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlir 6 milyard 894,1 milyon manat (6,2% gəlirlilik) təşkil edib.
Hesabat dövründə ARDNF dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert edib. Bundan əlavə, “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na 18,6 milyon manat, “2022–2028-ci illər üçün gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı”na isə 86,9 milyon manat vəsait yönəldilib. İdarəetmə xərcləri 40,7 milyon manat təşkil edib.
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri 20 milyard 434 milyon manat olub.
ARDNF bildirib ki, 2025-ci ildə qlobal maliyyə bazarlarında müşahidə olunan tendensiyalar aktivlərin artımına müsbət təsir göstərib. ABŞ və Avrozonada monetar siyasətin yumşalması, Böyük Britaniyada uçot dərəcələrinin endirilməsi istiqraz gəlirliliyini dəstəkləyib. Eyni zamanda, səhm investisiyaları da müsbət dinamika nümayiş etdirib.
Daşınmaz əmlak və infrastruktur investisiyalarında isə sektorlardan asılı olaraq fərqli nəticələr qeydə alınıb. Ofis sektorunda təzyiqlər davam etsə də, logistika və yaşayış tipli daşınmaz əmlaklara tələbin yüksək qalması müsbət gəlirliliyi təmin edib.
Hesabat ilində qızıl qiymətlərinin tarixi maksimumlara yüksəlməsi ARDNF-in qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlərin formalaşmasına səbəb olub.





