
Azərbaycan Mərkəzi Bankı “Lombardlar haqqında” qanunun yeni layihəsini hazırlayıb.
BBN.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, qanunun qəbul edilməsi əsas hədəflərdən biridir və Mərkəzi Bank bu sahədə xüsusilə istehlakçı hüquqlarının müdafiəsinə fokuslanacaq:
“Bu qanunun qəbulu hədəfimizdir və AMB bu istiqamətdə daha çox istehlakçıların hüquqlarının qorunmasına diqqət yetirəcək”, – deyə sədr bildirib.
T. Kazımov həmçinin lizinq fəaliyyəti ilə bağlı yeni qanun layihəsinin də hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, sənəd hazırda müvafiq dövlət qurumlarının rəy mərhələsindədir və bu il ərzində qəbul olunacağı gözlənilir.
AMB sədri vurğulayıb ki, bu təşəbbüslər maliyyə sektorunda tənzimləmənin təkmilləşdirilməsi və bazar iştirakçıları üçün daha şəffaf mühitin formalaşdırılması məqsədi daşıyır.





