
Bu ilin yanvar ayında Azərbaycan 176 milyon 542 min ABŞ dolları dəyərində 7 591 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27 % çox, miqdar baxımından isə 0,9 % azdır.
Hesabat ayında sürücü daxil olmaqla 10 nəfər və daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,7 dəfə artaraq 189 ədəd (36,843 milyon ABŞ dolları dəyərində) təşkil edib. Əsasən minik avtomobilləri və digər sərnişin daşıyan nəqliyyat vasitələrinin idxalı isə 1,9 % azalaraq 6 774 ədəd (125,708 milyon ABŞ dolları dəyərində) olub.
Minik avtomobilləri üzrə idxal olunan nəqliyyat vasitələrinin:
-
712-si (15,611 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyəti olmayan, lakin daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə hərəkətə gətirilən (hibrid) avtomobillər,
-
3 872-si (76,114 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan hibrid avtomobillər,
-
108-i (3,268 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri olub.
Bu göstəricilər müvafiq olaraq birinci kateqoriya üzrə 2,1 dəfə, ikinci kateqoriya üzrə 79,4 % artım, üçüncü kateqoriya üzrə isə 22,3 % azalma deməkdir.
Bundan başqa, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 11,8 % azalaraq 569 ədəd (6,137 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 43,9 % artaraq 59 ədəd (7,854 milyon ABŞ dolları dəyərində) təşkil edib.





