
Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı yeni səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Bu, “Büdcə sistemi haqqında”, “Hesablama Palatası haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının büdcə layihəsi və onun icrası, eləcə də müvafiq qanun layihələri və illik hesabatlar üzrə rəy vermək səlahiyyəti əldə edəcək.
Bununla yanaşı, qurum muxtar respublikada fəaliyyət göstərən büdcədənkənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitlərinin, dövlət zəmanəti ilə cəlb edilmiş kreditlərin, dövlət qrantları və texniki yardımların, həmçinin büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitlərinin auditi və qiymətləndirilməsi istiqamətində də səlahiyyətlərə malik olacaq.
Layihədə Hesablama Palatasına daha bir mühüm səlahiyyətin verilməsi nəzərdə tutulur. Belə ki, qurum sığorta bazarının peşəkar iştirakçıları tərəfindən əldə edilən və sığorta sirri hesab olunan məlumatlara çıxış əldə edə biləcək.
Dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, Hesablama Palatasının maliyyə nəzarəti və audit imkanlarının daha da genişlənəcəyi gözlənilir.




