
Azərbaycanda İslam maliyyəsinə maraq yüksək olsa da, bu sahə ilə bağlı məlumatlılıq və anlayış səviyyəsi hələ də kifayət qədər deyil.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda bildirib.
Onun sözlərinə görə, aparılmış araşdırmalar zamanı respondentlərin təxminən 80 %-i Azərbaycanda İslam maliyyəsinə ehtiyac olduğunu qeyd etsə də, iştirakçıların 70 %-ə yaxını İslam maliyyəsini xeyriyyə fəaliyyəti kimi qiymətləndirib və vəsaitlərin geri qaytarılmadan təqdim edildiyini düşünürdü. Bu isə maliyyə savadlılığı sahəsində ciddi boşluqların mövcudluğunu göstərir.
Ş.Mahmudzadə qeyd edib ki, İslam maliyyəsi Azərbaycanda nisbətən yeni istiqamət olduğundan həm maliyyə sektoru, həm də cəmiyyət üçün inkişaf mərhələsindədir.
AMB rəsmisinin sözlərinə görə, İslam və ənənəvi bankçılıq sistemləri arasında rəqabət mühitinin formalaşdırılması üçün “üçqat neytrallıq” prinsipinə əməl olunmalıdır. Bu prinsiplər vergi neytrallığı, depozitlərin sığortalanması və pul-kredit siyasətində bərabər imkanların təmin edilməsini əhatə edir.
O bildirib ki, yeni qanunvericilik dəyişikliklərinin əsas məqsədi ənənəvi və İslam bankçılığı üçün bərabər və rəqabətqabiliyyətli mühit yaratmaqdır. Bu yanaşma maliyyə məhsullarının qiymətinə və bazardakı rəqabət şəraitinə birbaşa təsir göstərir.
Ş.Mahmudzadə vurğulayıb ki, İslam maliyyəsinin inkişafı yalnız tənzimləyici çərçivədən asılı deyil. Maliyyə institutlarının bu sahəyə investisiya yatırması, peşəkar kadr hazırlığına və texnoloji infrastrukturun inkişafına diqqət yetirməsi vacibdir.
Onun sözlərinə görə, AMB İslam pəncərələrinin inkişafını dəstəkləməyə hazırdır. Lakin tammiqyaslı İslam bankçılığı modelinə keçid üçün bazarda kifayət qədər tələbin formalaşması əsas şərtlərdən biri olaraq qalır.
Mənbə: “Report”




