
Çoxtərəfli inkişaf bankları fəaliyyətlərini yalnız maliyyələşdirmə boşluqlarının aradan qaldırılmasına deyil, inkişafı ləngidən əsas məhdudiyyətlərin həllinə yönəltməlidirlər.
Bunu İslam İnkişaf Bankı (IsDB) Qrupunun Baş İqtisadçısı Areef Suleman Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda bildirib.
Onun sözlərinə görə, inkişaf prioritetləri düzgün müəyyən edilməli və iqtisadi artımın qarşısını alan əsas maneələr dəqiq şəkildə müəyyənləşdirilməlidir. Bundan sonra həmin məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilməlidir.
Areef Suleman qeyd edib ki, çoxtərəfli inkişaf banklarının hamısı eyni istiqamətlərdə fəaliyyət göstərməməli, hər bir qurum öz müqayisəli üstünlüklərinə uyğun sahələrə fokuslanmalıdır. Onun fikrincə, digər inkişaf tərəfdaşlarının təcrübə və imkanlarından istifadə etməklə daha böyük nəticələr əldə etmək mümkündür.
Baş iqtisadçı vurğulayıb ki, inkişafın dəstəklənməsi yalnız maliyyə vəsaitlərinin ayrılması ilə məhdudlaşmamalıdır. İnstitusional potensialın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, əlverişli biznes şəraitinin yaradılması və zəmanət mexanizmlərinin inkişafı da mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, gələcəkdə çoxtərəfli inkişaf bankları daha cəsarətli addımlar atmalı, eyni zamanda müdaxilələrini daha məqsədyönlü və dəqiq planlaşdırmalıdırlar. Bunun üçün ölkə diaqnostikalarının, layihələrin qiymətləndirilməsi və nəticələrin təhlili xüsusi rol oynayır.
A.Sulemanın sözlərinə görə, əsas məqsəd bazardakı maliyyələşdirmə boşluqlarını doldurmaqdan daha çox, ölkələrin inkişafını ləngidən “dar boğazlar”ı müəyyən etmək və onları aradan qaldırmaq olmalıdır.




