Home » “InvestAZ”: Geosiyasi risklər nefti bahalaşdırdı, FED gözləntiləri qızıla təzyiq göstərdi

“InvestAZ”: Geosiyasi risklər nefti bahalaşdırdı, FED gözləntiləri qızıla təzyiq göstərdi

by Zeyneb
0 comments 0 views 2 minutes read

“InvestAZ” İnvestisiya Şirkətinin həftəlik bazar icmalına əsasən, ötən həftə Yaxın Şərqdə artan geosiyasi gərginlik neft qiymətlərini dəstəkləyib, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərt monetar siyasət gözləntiləri isə qızıl bazarında təzyiq yaradıb.

Şirkətin təhlilinə görə, ABŞ-İran münasibətlərində gərginliyin yenidən artması fonunda Brent markalı neftin fyuçersləri 73 ABŞ dollarınadək yüksəlib. Təchizat və daşınma təhlükəsizliyi ilə bağlı risklərin artması bazarda əlavə risk priminin formalaşmasına səbəb olub.

Analitiklərin fikrincə, geosiyasi risklər adətən qızılı dəstəkləsə də, bu dəfə bazarlarda FED-in faiz dərəcələrini artıracağına dair gözləntilər üstünlük təşkil edib. Bazar iştirakçıları 2026-cı ildə üç faiz artımını qiymətlərə daxil edərkən, ilk artımın sentyabr ayında baş verəcəyi ehtimalı 62 % qiymətləndirilib. Bu isə gəlir gətirməyən aktivlərə, o cümlədən qızıla təzyiq göstərib.

Hesabatda qeyd olunur ki, ABŞ dolları həftənin əvvəlində müəyyən zəifləmə nümayiş etdirsə də, Körfəz regionundakı gərginlik və bu həftə açıqlanacaq əmək bazarı göstəriciləri fonunda son bir ilin ən güclü aylıq yüksəliş trayektoriyasını qoruyub.

Bununla yanaşı, gümüşün qiymətində kəskin eniş qeydə alınıb. Təhlilə görə, gümüşün həftə ərzində təxminən 14 % ucuzlaşması qiymətli metallar seqmentində investorların daha ehtiyatlı mövqe tutduğunu göstərir.

Şirkət bildirir ki, ABŞ və Avropa fond bazarlarında da ehtiyatlı əhval müşahidə olunub. ABŞ-də əsas fond indeksləri riskdən yayınma fonunda zəifləyib, Böyük Britaniyada isə FTSE100 indeksi enerji qiymətlərindəki dəyişikliklər və texnologiya sektorundakı satışların təsiri ilə geriləyib.

Bazar iştirakçılarının diqqətində Rusiya-Ukrayna münaqişəsi də qalmaqda davam edib. Rusiya Prezidenti Vladimir Putinin hərbi məqsədlərlə bağlı açıqlamaları geosiyasi qeyri-müəyyənliyi artıraraq enerji, valyuta və qiymətli metallar bazarında volatilliyi yüksəldib.

“InvestAZ”ın proqnozuna görə, cari həftə investorların diqqəti ABŞ-də açıqlanacaq ÜDM, əmək bazarı (NFP), JOLTS vakansiyaları, istehsal sektoru PMI və “Conference Board” istehlakçı etimadı indeksinə yönələcək. Eyni zamanda, Avrozona, Almaniya və Böyük Britaniyada dərc olunacaq biznes aktivliyi indeksləri, inflyasiya və ÜDM göstəriciləri, eləcə də Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard və İngiltərə Bankının rəhbəri Endryu Beylinin çıxışları qlobal bazarların istiqamətinə təsir göstərəcək.

Şirkət əlavə edib ki, Yaxın Şərqdə geosiyasi proseslərin inkişafı da bu həftə bazarlar üçün əsas risk amillərindən biri olaraq qalacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.