
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 145,2 milyon manat vəsait daxil olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,8 % çoxdur.
Hesabat dövründə Dövlət Xidməti tərəfindən 36 hərrac keçirilib. Hərraclar nəticəsində 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 616 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan əlavə, yanvar-iyul aylarında 2 698 yeni icarə müqaviləsi bağlanıb. Onlardan 328-i qeyri-yaşayış sahələri, 2 370-i isə torpaq sahələri üzrə olub. Yeni icarə müqavilələrinin sayı illik müqayisədə 9,05 % artıb.
Dövlət əmlakının, o cümlədən qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 32,9 milyon manat vəsait ödənilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 % çoxdur.
Beləliklə, ilin ilk 7 ayında dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən dövlət büdcəsinə ümumilikdə 178,1 milyon manat vəsait daxil olub. Bu isə illik müqayisədə 57,75 % artım deməkdir.





