Home » AMB: İcbari sığorta olmasaydı, 100-120 milyon manatlıq zərəri vətəndaşlar ödəyəcəkdi

AMB: İcbari sığorta olmasaydı, 100-120 milyon manatlıq zərəri vətəndaşlar ödəyəcəkdi

by Zeyneb
0 comments 0 views 2 minutes read

Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası sistemi olmasaydı, hər il təxminən 100-120 milyon manat həcmində zərərin kompensasiyası birbaşa vətəndaşların üzərinə düşəcəkdi.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən “Əmlak sığortası və risklərin qorunması: Evlərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, avtonəqliyyat vasitələri üzrə icbari sığortanın əsas məqsədi yol-nəqliyyat hadisələri nəticəsində üçüncü şəxslərə dəyən zərərin operativ şəkildə kompensasiya edilməsidir.

V.Qurbanov qeyd edib ki, belə bir sığorta sistemi mövcud olmasaydı, yol-nəqliyyat hadisələrindən sonra tərəflər arasında ciddi mübahisələr yaranar və zərərə səbəb olan şəxslər əksər hallarda dəymiş ziyanı ödəmək imkanına malik olmazdılar. Bu halda sığorta şirkətləri sığortalının mülki məsuliyyətini öz üzərinə götürərək zərərin ödənilməsini təmin edir.

AMB rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanda sığorta şirkətləri avtonəqliyyat vasitələrinin icbari sığortası çərçivəsində hər il 100-120 milyon manat məbləğində sığorta ödənişi həyata keçirir. Daşınmaz əmlakın icbari sığortasında da eyni prinsip tətbiq olunur və əsas məqsəd risklərin sığorta şirkətləri vasitəsilə qarşılanaraq zərər baş verdikdə vətəndaşlara kompensasiyanın ödənilməsidir.

Vüsal Qurbanov vurğulayıb ki, sığortanın fundamental prinsipi sığortalını hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaqdır. Onun sözlərinə görə, sığorta mexanizmi baş vermiş hadisənin maliyyə təsirlərini kompensasiya etməklə şəxsin maddi durumunun bərpasına xidmət edir.

AMB-nin baş direktoru bildirib ki, icbari sığorta tətbiq edilərkən sığorta prinsiplərinin tam şəkildə əhatə olunması müəyyən çətinliklər yaradır. Könüllü sığortada daha geniş təminatlar, fərdiləşdirilmiş risk qiymətləndirilməsi və əlavə şərtlər tətbiq olunsa da, icbari sığortada əsas prioritet xidmətin bütün vətəndaşlar üçün əlçatan olmasıdır.

Onun sözlərinə görə, bu səbəbdən icbari sığorta növlərində minimum təminat hədləri müəyyən edilir, əlavə risklər və geniş təminatlar isə könüllü sığorta məhsulları vasitəsilə təklif olunur.

V.Qurbanov əlavə edib ki, sığorta mədəniyyətinin formalaşması üçün cəmiyyətin risklər barədə məlumatlılığının artırılması böyük əhəmiyyət daşıyır. O qeyd edib ki, insanlar çox vaxt risklə üzləşməyənə qədər sığortaya ehtiyac duymurlar, lakin hadisə baş verdikdən sonra sığortaya maraq göstərmək gec olur.

Onun sözlərinə görə, məhz bu səbəbdən icbari sığorta mexanizmlərinin əsas məqsədlərindən biri vətəndaşlarda sığorta vərdişi formalaşdırmaqdır. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası da bu məqsədlə 2011-ci ildən tətbiq edilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.