
Azərbaycan Mərkəzi Bankı (AMB) “TuranBank” və “Bank of Baku” ASC-ləri yubiley və xatirə pul nişanlarının satış agenti kimi seçib.
BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, yubiley və xatirə pul nişanlarının satışının əlçatanlığı artırılıb. Belə ki, sabahdan vətəndaşlar “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” (https://coin.e-cbar.az) vasitəsilə etdikləri sifarişlər üzrə pul nişanlarını təhvil almaq üçün artıq “TuranBank” və “Bank of Baku”nu də seçə biləcəklər. Həmin banklar həm də AMB-nin investisiya pul nişanlarının satış agentləridir.
Vətəndaşlar tədavüldə olan yubiley və xatirə pul nişanları barədə məlumatları AMB-nin internet səhifəsinin “Milli pul nişanları” (https://www.cbar.az/moneymarks/coins?category=2) bölməsindən əldə edə, onlayn satış sistemi vasitəsilə sifarişlərini elektron qaydada qeyd edə bilərlər.
Qızıl, gümüş və kupronikel yubiley və xatirə pul nişanlarının tədavülə buraxılmasının əsas məqsədi ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mühüm tarixi hadisələrin əks etdirilməsi, milli mədəni irsin və incəsənətin beynəlxalq ictimaiyyətə tanıdılması, Azərbaycanın flora və faunasının təbliği, habelə görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsidir.




