
Azərbaycanda turizmdən əldə olunan gəlirin daha böyük hissəsinin yerli sahibkarlara çatdırılması üçün yeni turizm məhsullarının inkişaf etdirilməsinə ehtiyac var.
BBN.az xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Wael Mansour Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirin sual-cavab sessiyasında bildirib.
Onun sözlərinə görə, mədəniyyət, sağlamlıq, təbiət və ekoturizm, eləcə də MICE (işgüzar görüşlər, konfranslar və sərgilər) turizmi üzrə dəyər zəncirlərinin daha dərindən inkişaf etdirilməsi vacibdir.
V.Mansur qeyd edib ki, yerli biznes subyektləri turistlərin xərclərindən daha çox faydalanmalıdır.
“Bunun üçün hökumət məqsədyönlü siyasət həyata keçirməli, yeni turizm məhsulları yaratmalı, insan resurslarının inkişafına investisiya qoymalı və hədəf bazarlarda marketinq kampaniyalarını gücləndirməlidir”, – deyə o bildirib.
Dünya Bankının nümayəndəsinin fikrincə, turizm məhsullarının şaxələndirilməsi və yerli sahibkarların bu prosesə daha fəal cəlb olunması həm regionların iqtisadi inkişafına, həm də qeyri-neft sektorunun dayanıqlı böyüməsinə əlavə töhfə verə bilər.




