
Milli Məclisin bu gün keçirilən plenar iclasında kraudfandinq fəaliyyətinin hüquqi tənzimlənməsini nəzərdə tutan bir sıra qanunvericilik aktlarına dəyişikliklər III oxunuşda qəbul edilib.
BBN.az xəbər verir ki, dəyişikliklər Mülki Məcəllə, Cinayət Məcəlləsi, Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, eləcə də “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və digər qanunlar da daxil olmaqla ümumilikdə 12 qanunvericilik aktını əhatə edir.
Yeni dəyişikliklər ölkədə kraudfandinq (kütləvi maliyyələşdirmə) fəaliyyətinin hüquqi çərçivəsini formalaşdırmağa və bu sahədə tənzimləmə mexanizmlərini müəyyən etməyə yönəlib.
Qanuna əsasən, kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə hüquqi şəxslərin Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edilməsi üçün 2 750 manat dövlət rüsumu müəyyən edilir.
Bundan əlavə, kraudfandinq platformalarının operatorları Mərkəzi Bankın nəzarət subyektləri sırasına daxil edilir və onlar fəaliyyətlərinə dair hesabatları tənzimləyici quruma təqdim etməli olacaqlar.
Qanunvericilikdə kraudfandinq qaydalarının pozulmasına görə inzibati məsuliyyət də nəzərdə tutulur. Belə ki, məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək, hesabatların təqdim edilməməsinə və ya təhrif olunmasına görə 2 000 manatdan 3 000 manatadək, pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə isə 6 000 manatdan 7 000 manatadək cərimələnəcəklər.
Dəyişikliklərə əsasən, xaricə köçürmələrlə bağlı təsdiqedici sənədlərin vaxtında təqdim edilməməsinə və ya xaricdən qaytarılmalı olan vəsaitin hesaba köçürülməməsinə görə fiziki şəxslər valyuta məbləğinin 5%-10%-i, hüquqi şəxslər isə 20%-30%-i həcmində cərimə ödəyəcəklər.
Həmçinin, kraudfandinq platformalarının operatorları çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin subyektləri sırasına daxil edilirlər.
Qəbul edilən dəyişikliklər “Kraudfandinq haqqında” yeni qanunla eyni gündə qüvvəyə minəcək.




