
Bu ilin ilk altı ayında Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 10% və ya 368 milyon manat artaraq 3 milyard 916 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, bu ilin əvvəlindən pensiyalar 9,3% indeksləşdirilərək artırılıb. İyulun 1-nə orta aylıq pensiyanın məbləği illik müqayisədə 10% yüksələrək 594 manata çatıb.
Yaşa görə orta aylıq pensiyanın məbləği isə 632 manat təşkil edib.
DSMF-nin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında 23 min pensiya təyinatı elektron qaydada həyata keçirilib. Ümumilikdə isə elektron pensiya təyinatı sisteminin tətbiqinə başlanıldığı 2019-cu ilin əvvəlindən indiyədək 201 min pensiya təyinatı proaktiv şəkildə e-sistem üzərindən reallaşdırılıb.




