
Azərbaycan Mərkəzi Bankında (AMB) kriptoaktivlər və kriptoaktiv xidməti təminatçılarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələlər müzakirə olunub.
BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, AMB sədrinin müavini Vüsal Xəlilov “Azərbaycan Fintex Assosiasiyası” (AzFina) İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib.
Görüşdə 2026-cı ilin II rübündə maliyyə texnologiyaları və ödənişlər sahəsində əldə olunan nəticələr, ekosistemdə müşahidə olunan əsas meyillər və gələcək inkişaf istiqamətləri müzakirə edilib.
Əsas diqqət kriptoaktivlər və kriptoaktiv xidməti təminatçılarının fəaliyyətini əhatə edən kompleks tənzimləmə çərçivəsinin tətbiqinə yönəlib. Bu sahədə müvafiq normativ xarakterli aktların hazırlanması istiqamətində görüləcək işlər də müzakirə mövzusu olub.
Tərəflər növbəti mərhələdə maliyyə texnologiyaları və ödəniş sektoru üçün müəyyənləşdirilən strateji hədəflər barədə də fikir mübadiləsi aparıblar.
Bundan əlavə, fırıldaqçılıq və qeyri-qanuni əməliyyatların qarşısının alınması məqsədilə nəzarət alətlərinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslər nəzərdən keçirilib.





