
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
BBN.az KOBİA-ya istinadən xəbər verir ki, “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 16 layihəyə baxılıb, onlardan 10-na şəhadətnamənin verilməsi barədə qərar qəbul olunub.
“Startap” şəhadətnaməsi alan mikro və kiçik sahibkarlıq subyektləri sənədi aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunurlar.
Son qərarla “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin ümumi sayı 302-yə çatıb.
Qeyd edək ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə bilərlər.





