
23–25 aprel 2026-cı il tarixlərində Qazaxıstanın Türküstan şəhərində II Mərkəzi Asiya Maliyyə-Bank Forumu – “Banklar və Fintex-2026” keçirilib. Forum Mərkəzi Asiya ölkələrinin bank assosiasiyaları və Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurasının (CBATS) dəstəyi ilə təşkil olunub.
Tədbirdə Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov iştirak edib. Forumda həmçinin türkdilli dövlətlərin bank assosiasiyalarının rəhbərləri və maliyyə institutlarının nümayəndələri yer alıblar.
Forumun əsas məqsədi Mərkəzi Asiya regionunun maliyyə-bank bazarı iştirakçıları üçün səmərəli işgüzar platforma yaratmaq, qarşılıqlı əməkdaşlığı gücləndirmək və sektor üzrə aktual çağırışları müzakirə etmək olub.
Tədbir çərçivəsində bank sektorunda rəqəmsal transformasiya prosesləri, yeni risklər və çağırışlar, fintex həllərinin inkişafı, kibertəhlükəsizlik səviyyəsinin artırılması, risklərin idarə olunması və maliyyə institutları arasında regionlararası əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Mərkəzi Asiya ölkələri, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Türk dövlətləri, Xəzəryanı region ölkələri və Avropa İttifaqı arasında iqtisadi və maliyyə inteqrasiyası proseslərinin genişləndirilməsi imkanları da müzakirə olunub.




