ABŞ-da inflyasiyaya görə kredit kartı borcları artıb

ABŞ-da inflyasiyanın yüksəlməsindən dolayı bir çox amerikalılar kredit kartı borclarının artmasından narahatdır. Amerikalılar 2022-ci ilin II rübündə 233 milyon yeni kredit kartı hesabı açıblar, bu isə 2008-ci ildən bəri ən yüksək rəqəmdir. 

BBN.az Amerikanın NBC News TV proqramına istinadən xəbər verir ki, təkcə 2022-ci ilin II rübündə, kredit kartı borcları 13% yüksəlib, bu isə son 20 ildən çox müddədə ən böyük illik artımdır. 

Kredit balansı pandemiyadan əvvəlki səviyyədən aşağı olaraq qalır, orta faiz dərəcələri isə 17.4-dür, bu isə rekord göstərici hesab edilir. Maliyyə ekspertləri isə məsləhət görürlər ki, əgər yüksək kredit kartı borclarınız varsa, çalışın onları ən tez bir zamanda ödəyin. 

Yüksək inflyasiyaya səbəb isə təbii qaz və neftin qiymətlərinin yüksəlməsidir, amma amerikalılar üçün sevindirici xəbər budur ki, benzinin qiyməti iyun rekordundan bu yana 85 sent düşüb, benzinin ölkə miqyasında orta qiyməti isə hazırda 1 qallona görə 4.16 dollardır.

Amerikalılar deyirlər ki, indi onların bir ildə 107.800 dollar qazanması lazımdır ki, özlərini maliyyə cəhətdən rahat hiss etsinlər. Bu isə orta milli göstəricidən 2 dəfə çoxdur. Baxmayaraq ki, ölkədə çalışan insanların əmək haqları artır, amma bu yenə də inflyasiya ilə mübarizə aparmaq üçün kifayət deyil. Məsələn, orta hesabla 1 saata görə əmək haqqı bir ildə 5.1% artsa da, inflyasiya daha da sürətlə yüksəlir. Ancaq ölkənin Mərkəzi Bankı isə yüksək inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır