ABŞ iqtisadiyyatı birinci rübdə 4.8% kiçilib

ABŞ İqtisadi Təhlil Bürosunun ilkin açıqladığı hesabata görə ABŞ ÜDM-i koronavirus pandemiyası səbəbindən 2020-ci ilin birinci rübündə 4.8% azalıb. Qeyd edək ki, ÜDM-in azalma proqnozu sözügedən dövr üçün 3.5% olaraq proqnozlaşdırılmışdı. Ekspertlər yekun düzəlişlərdən sonra açıqlanacaq hesabatda iqtisadi geriləmənin daha böyük həcmdə görüləcəyini vurğulayıblar.

2014-cü ildən (-1.1%) bu yana ABŞ iqtisadiyyatında Ümumi Daxili Məhsulun ilk dəfə mənfi tendensiyası qeydə alınıb. Qeyd edək ki, bu göstərici 2008-ci il maliyyə böhranı ərəfəsində dördüncü rüb iqtisadi artım göstəricisindən (-8.4%) bu yana qeydə alınan ən böyük geriləmədir.

Ölkə ÜDM-ni aşağı çəkən əsas səbəblər kimi, istehlakçı xərcləri və xalis ixrac göstəricilərində qeydə alınan dəyişikliklər göstərilib. Belə ki, ümumi ÜDM-in 67%-ini təşkil edən istehlakçı xərcləri 7.6% azalıb. İxrac göstəricisi 8.7%, idxal isə 15.3% azalıb. Xidmət sektorunda isə 30%-lik geriləmə müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır