
Bank of England rəhbəri və eyni zamanda G20 ölkələrinin Maliyyə Sabitliyi Şurasının (FSB) sədri olan Andrew Bailey, qlobal maliyyə sisteminin mövcud durumda şoklara qarşı son dərəcə həssas olduğunu bildirib. Onun sözlərinə görə, son aylarda səhm və digər aktiv bazarlarında müşahidə olunan kəskin qiymət artımı real iqtisadi əsaslardan çox uzaqdır və bu, gələcəkdə kəskin və nizamsız korreksiyalara – yəni aktiv qiymətlərinin qəfil və sərt enişinə yol aça bilər.
BBN.az xəbər verir ki, Bailey G20 maliyyə nazirlərinə ünvanladığı məktubda qeyd edib ki, artan borc səviyyələri və 2008 böhranından sonra razılaşdırılmış maliyyə islahatlarının tam tətbiq olunmaması, sistemin dayanıqlılığını zəiflədib. Onun fikrincə, maliyyə bazarlarında hal-hazırda yaranan “süni sakitlik” əslində struktur problemləri maskalayır və investorlar tərəfindən nəzərə alınmayan risklərin toplanmasına səbəb olur.
Bank rəhbərinin bu xəbərdarlığı, ABŞ birjalarında son altı ayın ən sərt enişi ilə üst-üstə düşüb. Wall Street indeksləri cümə günü ciddi düşüş yaşayıb. Buna səbəb isə Donald Trump-ın Çin idxalına qarşı yeni tariflər tətbiq edəcəyinə dair verdiyi bəyanatlar olub. Məhz bu cür geosiyasi və ticarət risklərinin aktiv bazarlarında ani və genişmiqyaslı düzəlişlərə yol açacağı bildirilir.
Eyni zamanda, ABŞ-ın ən böyük bankı olan JP Morgan-ın rəhbəri Jamie Dimon da son açıqlamasında yaxın 6 ay – 2 il ərzində ABŞ fond bazarlarında ciddi eniş riskinin olduğunu vurğulayıb. Onun fikrincə, investorlar potensial sarsıntıların miqyasını kifayət qədər qiymətləndirmir və hazırda bazar dəyərləndirmələri real iqtisadi proqnozlarla uyğun gəlmir.
Bailey həmçinin qeyd edib ki, FSB və digər beynəlxalq tənzimləyici orqanların 2009-cu ildən bu yana həyata keçirdiyi islahatlar pandemiya, Rusiya-Ukrayna müharibəsi və 2023-cü ildə baş verən bank böhranı kimi hadisələrin təsirini müəyyən qədər azaltmağa kömək edib. Lakin bu islahatların davamlı olması üçün qlobal koordinasiyanın artırılması, normativ çərçivələrin genişləndirilməsi və yeni yaranan texnoloji və struktur risklərin də tənzimləmə gündəminə daxil edilməsi vacibdir.
Bailey-nin xəbərdarlığı Beynəlxalq Valyuta Fondunun (IMF) Vaşinqtonda keçiriləcək növbəti iclası və qlobal iqtisadi proqnozun açıqlanmasından öncə səslənib. Qlobal maliyyə sisteminin gələcək dövrlərdə davamlı və effektiv kapital bölgüsünü təmin etməsi üçün yalnız böhranların qarşısını almaq deyil, ümumi sistem sabitliyinin təmin olunması əsas prioritetlərdən biri kimi dəyərləndirilməlidir.







