
Azərbaycanda xarici sektor göstəriciləri əlverişli olaraq qalır.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Gömrük statistikasına əsasən, 2026-cı ilin birinci yarısında ölkənin xarici ticarətində 8 milyard ABŞ dollarına yaxın müsbət saldo qeydə alınıb.
İlkin məlumatlara görə, yanvar-iyun aylarında pul baratları üzrə saldo, yəni daxilolmalarla xaricolmalar arasındakı fərq 540,6 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 82,8% artıb.
AMB, həmçinin 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar balansının profisiti üzrə proqnozunu artım istiqamətində yeniləyib.
Mərkəzi Bank bunun cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracında müsbət meyillərin davam etməsi ilə əlaqədar olduğunu bildirib.
Mənbə: Report.az




