
Azərbaycan Mərkəzi Bankının (AMB) əsas strateji prioritetlərindən biri sığorta sektorunun maliyyə dayanıqlığının gücləndirilməsidir. Bunu AMB-nin Sığorta Fəaliyyətinin Tənzimlənməsi Departamentinin direktoru Pənah Bənnayev Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025”də bildirib.
Onun sözlərinə görə, bu prioritet yalnız Azərbaycanda deyil, türk dövlətlərində də əsas strateji məqsədlərdən biridir:
“Sektorda korporativ idarəetmə, risk idarəetməsi və ictimaiyyətə məlumatların açıqlanmasının beynəlxalq standartlara uyğunlaşdırılması prioritetlərimizdəndir. Bununla yanaşı, sektorun dayanıqlılığı və böyüməsi diqqət mərkəzimizdədir. İcbari və könüllü sığorta məhsullarının təkmilləşdirilməsi və əlçatanlığının artırılması, rəqəmsallaşmanın gücləndirilməsi, maarifləndirmə və peşəkar kadr potensialının artırılması da strateji tədbirlərimiz sırasındadır.”







