Amerikan avtomobil istehsalçıları yenidən fəaliyyətə başlayırlar

Amerikan avtomobil istehsalçısı “Ford Motors” fəaliyyətini yenidən bərpa etməyə başladığını açıqlayıb. Belə ki, bir müddət əvvəl Çində istehsal müəssisələrini açan şirkət artıq Avropada da istehsalın bərpasını prosesinə başlayıb. Bununla yanaşı, şirkət 11 may tarixindən etibarən Şimali Amerikada yerləşən bütün ehtiyat hissələri zavodlarını, 18 may tarixindən isə Miçiqan və Oakvil kompleksləri istisna olmaqla bütün müəssisələrini yenidən istifadəyə verəcəyini açıqlayıb. Qeyd edək ki, Miçiqanda yerləşən zavodda yerləşən avadanlıqlar altı həftədən çoxdur ki koronavirus pandemiyası ilə mübarizədə dəstək üçün tibbi ləvazimatların istehsalına ayrılıb.

Cari ili birinci rübündə xalis mənfəətində 86.7%-lik azalma müşahidə edən və likvidlik ehtiyatları xeyli azalan “General Motors” şirkəti də Kanada ərazisində yerləşən zavodlarını (Oakvil istisna olmaqla) 11 may, ABŞ ərazisində yerləşən zavodlarını isə 18 may tarixində yenidən istifadəyə verəcəyini açıqlayıb.

“Detroit” üçlüyünün son üzvü olan “Fiat Chrysler” aprel ayının sonunda verdiyi açıqlamada 4 may tarixindən istehsalı bərpa edəcəyini açıqlasa da, Fransanın “PSA Group” avtomobil istehsalçısı ilə birləşmə prosesi səbəbindən bu baş tutmayıb. 5 may tarixində verilən açıqlamada, şirkətin 18 may tarixindən Avropa və Şimali Amerikada əksər istehsal müəssiələrini yenidən istifadəyə verəcəyini bildirib. Rübü 1.8 milyard dollarlıq zərər ilə bağlayan şirkətin istehsal müəssisələri mart ayından bağlanıb.

Amerikanın Avtomobil sahəsi üzrə İşçi Birliyi (UAW) açıqlamasında, “Detroit” üçlüyünün istehsalın bərpası üçün tələsdiyini bildirib və bütün zavodlarda təhlükəsizlik protokolları və gigiyena qaydalarına nəzarətin gücləndiriləcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır