12 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB), Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “Mastercard Worldwide” beynəlxalq ödəniş sisteminin dəstəyi ilə kiçik və orta sahibkarlar üçün kibertəhlükəsizlik mövzusunda “workshop” keçirilib.
“Workshop” çərçivəsində kibertəhlükəsizliyə baxış, Azərbaycanda kibertəhlükəsizlikdə ümumi təhlükə mənzərəsi, ölkədə müxtəlif sahələr üçün aparıcı təhlükə aktorları, hücum növləri və hədəflənmiş aktivlər, kiçik biznesə təsir edən həssas məqamlar, kiçik və orta biznes üçün kibertəhlükəsizlik həlləri ətrafında müzakirələr aparılıb.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.