Avropa İttifaqı (Aİ) yaşayış yerlərinin onlayn bron xidmətləri göstərən Booking şirkətinə aviabilet satışı ilə məşğul olan Etravelini satın almasına icazə verməyib.
BBN.az xəbər verir ki, Aİ komissarı Didier Reynders Brüsseldə keçirdiyi mətbuat konfransında Booking Holding-in ETraveli almaq təklifinin Aİ qaydalarına uyğun olmadığını və buna görə də qadağan edildiyini açıqlayıb.
Reynders “Komissiya Etravelinin Booking tərəfindən satın alınmasının qarşısını almağa qərar verdi,” – deyə açıqlamasında bildirib. Komissar “Booking-in ETraveli-ni alması onun onlayn turizm agentlikləri bazarında dominant mövqeyini gücləndirəcək və otellər və istehlakçılar üçün daha yüksək xərclərə səbəb olacaq”, – deyə verilən qərarın səbəbini izah etdi.
Avropada fəaliyyət göstərən irimiqyaslı şirkətlərdə birləşmə və satınalmalara nəzarət etmək Aİ Komissiyasının səlahiyyətindədir.
Aİ Komissiyası apardığı araşdırmalarda rəqabətə zidd vəziyyətin olub-olmamasını qiymətləndirir. Rəqabətə zidd hallar aşkar edilərsə, Aİ Komissiyası birləşmə və ya satınalmalara mane ola bilər.