Neobank konsepsiyası artıq uzun illərdir ki, bankçılıq sektorunun əsas tərkib hissəsi kimi mövcudluğunu qoruyur. Maliyyə texnologiyaları sahəsində ənənəvi bankları dəyişikliyə və rəqəmsallaşmaya sövq edən ən böyük faktorlardan biri də neobanklardır.
Hazırda dünyada mövcud olan 247 neobankın 75-i Avropa qitəsində yerləşir. Neobanklar üzrə seçilən Avropa ölkələrindən biri də Litvadır. Belə ki, 12 neobanka sahib bu ölkənin qanunvericilik sisteminin maliyyə texnologiyaları sahəsinə adaptasiyasının sürətlə həyata keçirilməsi investorların ölkə bazarına marağını artırıb. Bunun nəticəsidir ki, Avropada ilk olaraq blokçeyn platformasında fəaliyyət göstərən neobank Litvada istifadəyə verilib.
“BENKER” adı altında fəaliyyət göstərən bu neobank Litva Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən “Elektron Pul İnstitutu” (EMI) tərəfindən lisenziyalaşdırılıb. “BENKER” neobankı “Natrix” blokçeyn platformasında fəaliyyət göstərəcək və əsasən kiçik və orta biznes seqmentinə maliyyə xidmətləri göstərəcək.