
Azərbaycanda avtomobil bazarında kredit və lizinq yolu ilə nəqliyyat vasitəsi almaq imkanları son illərdə genişlənib. Xüsusilə elektrik və hibrid avtomobillərin maliyyələşdirilməsində daha çevik şərtlər tətbiq olunur.
Mərkəzi Bankın “Dayanıqlı maliyyə hesabatı”na əsasən, 2025-ci ildə elektrik və hibrid avtomobillərin alınmasına 75 milyon manat kredit ayrılıb. Hesabatda bildirilir ki, həmin il bu avtomobillərin ümumi avtokredit portfelində payı kreditlərin sayına görə 61%-ə, məbləğinə görə isə 71%-ə çatıb.
İlkin ödəniş avtomobilin növündən asılıdır
Hazırda bəzi maliyyə məhsulları vasitəsilə avtomobilin dəyərinin 10-20%-ni ilkin ödəniş etməklə nəqliyyat vasitəsi almaq mümkündür. Kredit şərtlərinin formalaşmasında avtomobilin növü və istehsal ili əsas meyarlardan sayılır.
Məsələn, qiyməti 35 min manat olan elektromobili 59 ay müddətinə kreditlə almaq üçün 3 500 manat ilkin ödəniş tələb oluna bilər. Bu halda aylıq ödəniş təxminən 850 manat təşkil edir.
Hibrid avtomobillərdə də nisbətən əlçatan maliyyələşdirmə imkanları mövcuddur. Belə ki, 25 min manatlıq hibrid avtomobil üçün təxminən 10 min manat ilkin ödəniş tələb olunur. 59 aylıq kredit üzrə aylıq ödəniş isə 600-620 manat civarında dəyişir.
Avtomobil bazarında lizinq məhsullarının da sayı artıb. Bəzi təkliflərdə 20 min manatlıq avtomobili təxminən 4 min manat ilkin ödənişlə əldə etmək və 59 ay ərzində aylıq 400-500 manat ödəmək mümkündür.
Aşağı ilkin ödəniş həm imkan, həm də risk yaradır
Ekspertlər hesab edirlər ki, ilkin ödənişlərin aşağı olması avtomobil alışını asanlaşdırır, bazarda aktivliyi artırır və daha yeni, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin yayılmasına şərait yaradır.
Digər tərəfdən, uzunmüddətli kreditlər üzrə aylıq ödənişlərin yüksək olması bəzi ailələrin maliyyə yükünü artıra bilər. Bu səbəbdən mütəxəssislər kredit əlçatanlığı ilə yanaşı, borcalanın real ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməsini vacib hesab edirlər.
Avtokreditlərdə lizinqin payı artır
Bank məsələləri üzrə ekspert Emin Kərimov bildirib ki, son illərdə avtomobil maliyyələşdirilməsi bazarında lizinq mexanizminə maraq əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, hazırda bu istiqamətdə bank olmayan kredit təşkilatları və lizinq şirkətləri əsas iştirakçılar sırasındadır.
Ekspert lizinqin maliyyə qurumları və müştərilər üçün bir sıra üstünlüklərə malik olduğunu qeyd edib. Onun fikrincə, əsas üstünlüklərdən biri avtomobil üzərində mülkiyyət hüququnun öhdəlik tam yerinə yetirilənədək lizinq şirkətində qalmasıdır.
“Lizinqdə avtomobil müştərinin adına keçmir, mülkiyyət hüququ təşkilatda qalır. Buna görə də ödənişlər daha ciddi izlənilir və intizam daha yüksək olur. Əgər müştəri ödənişləri dayandırarsa, avtomobilin geri alınması daha asan həyata keçirilir”, – ekspert bildirib.
E.Kərimovun fikrincə, lizinq bazarında rəqabətin artması faizlərin nisbətən aşağı düşməsinə və daha çevik maliyyə məhsullarının yaranmasına səbəb ola bilər. Bununla yanaşı, risklərin düzgün qiymətləndirilməsi, ilkin ödənişlərin qorunması və faizlərin balanslaşdırılması vacibdir.
Ekspert avtomobillərin sayının artmasının yol infrastrukturuna əlavə yük yaratdığını və tıxac problemini dərinləşdirə biləcəyini də vurğulayıb.
Yeni avtomobillərin maliyyələşdirilməsinə üstünlük verilir
İqtisadçı Eyyub Kərimli hesab edir ki, hazırda maliyyələşdirmədə daha çox yeni avtomobillərə üstünlük verilməsi avtomobil parkının yenilənməsi baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, Azərbaycanda təxminən 1,5 milyon avtomobil var və onların 80%-ə yaxını köhnə nəqliyyat vasitələridir. Avtomobillərin əhəmiyyətli hissəsinin yaşı 10 ildən çoxdur.
E.Kərimli yeni avtomobillərin kreditlə daha əlçatan olmasının köhnə nəqliyyat vasitələrinin tədricən yenilənməsinə imkan verdiyini bildirib. Bununla belə, o qeyd edib ki, maliyyələşdirmə imkanlarının genişlənməsi şəxsi avtomobillərin sayının artmasına və nəticədə yollarda tıxacların çoxalmasına səbəb ola bilər.
İqtisadçı daha selektiv kredit siyasətinin tətbiqini məqsədəuyğun hesab edir. Onun fikrincə, xüsusilə elektrik və aşağı emissiyalı avtomobillərin kreditləşdirilməsinə üstünlük verilməsi həm qlobal trendlərə uyğun olar, həm də avtomobil parkının ekoloji baxımdan yenilənməsinə töhfə verər.
Benzin və dizel avtomobillərində ilkin ödəniş daha yüksəkdir
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov isə kredit şərtlərinin ümumilikdə yumşaldığı fikri ilə razılaşmır. Onun sözlərinə görə, avtomobil kreditləri hələ də bir çox vətəndaş üçün əlçatan deyil və banklar kredit müraciətlərinə daha sərt yanaşırlar.
Ekspert bildirir ki, xüsusilə yüksək gəlir göstəricisi olmayan şəxslərin avtokredit əldə etməsi çətinləşir.
E.Cəfərovun sözlərinə görə, avtomobilin növündən asılı olaraq ilkin ödəniş tələbi də ciddi fərqlənir. Benzin və dizel mühərrikli avtomobillərdə ilkin ödəniş təxminən 40%, hibrid avtomobillərdə 20%, elektrik avtomobillərində isə 10%-ə qədər ola bilər.
Ekspert vurğulayıb ki, əsas problem yalnız ilkin ödənişin məbləği deyil, kreditin verilməsi üçün tətbiq olunan ümumi tələblərdir. Onun fikrincə, kredit müraciətlərinin çoxunun təsdiqlənməməsi avtomobil bazarının inkişafını məhdudlaşdırır və vətəndaşların daha köhnə avtomobillərə yönəlməsinə səbəb olur.
banker.az





