
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət istiqrazları üzrə ümumilikdə 5 milyard 21,4 milyon ABŞ dolları həcmində borc qaytarıb.
Maliyyə Nazirliyinin açıqlamasına əsasən, təkrar maliyyələşdirmə risklərinin azaldılması çərçivəsində dövlət istiqrazlarının vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli istiqrazlarla əvəz edilməsi və vaxtı çatan öhdəliklərin yenidən maliyyələşdirilməsi hesabına 3 milyard 131,9 milyon manat əsas borc ödənişi həyata keçirilib.
Bundan əlavə, 1 milyard 439,6 milyon manat əsas borc ödənişi dövlət büdcəsi və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına icra edilib.
Beləliklə, 2025-ci ilin ilk 9 ayında dövlət istiqrazları üzrə cəmi 4 milyard 571,5 milyon manat əsas borc geri qaytarılıb.
Hesabat dövründə daxili dövlət borcuna xidmət üzrə faiz və diskont ödənişlərinə 449,9 milyon manat vəsait yönəldilib.







