Azərbaycan bərpaolunan alternativ enerji mənbələri yolunda

Bərpaolunan alternativ enerji ilə bağlı müzakirələrdə Azərbaycan ağılagələn ilk ölkələrdən biri olmasa da, külək və günəş enerjisi istiqamətində bu il əldə edilən tərəfdaşlıq razılaşmaları və ümumilikdə 400 milyon dollar dəyərində olan 2 irimiqyaslı layihə nəticəsində mühüm irəliləyişlər əldə etməyimiz proqnozlaşdırılır.

Əməkdaşlığın biri Səudiyyə Ərəbistanı mərkəzli “ACWA Power” şirkəti ilə Xızı və Abşeron rayonlarında 240 meqavattlıq külək turbinləri layihəsi, digəri isə Birləşmiş Ərəb Əmirlikləri mərkəzli “Masdar” şirkəti ilə Ələt yaxınlığında 200 meqavattlıq günəş panelləri layihəsi əsasında formalaşıb. Ümumilikdə, sözügedən iki layihənin saatda 1.4 teravattlıq güc istehsal etməsi və Azərbaycanın enerji ehtiyaclarının 5%-ə qədərini təmin etməsi proqnozlaşdırılır.

Uzunmüddətli inkişaf dövründə isə, Azərbaycanda alternativ enerji mənbələri vasitəsilə ölkənin enerji ehtiyacının 30%-ə qədərinin təmin edilə biləcəyi ehtimal edilir. Qeyd edək ki, 2019-cu il göstəricilərində alternativ enerji mənbələrinin enerji istehlakında payı 7%-dən bir qədər çox olub. 93%-ə qədər enerji təminatı isə təbii qaz ehtiyatları hesabına formalaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır