
Azərbaycan hökuməti strateji layihələrin maliyyələşdirilməsi üçün dövlət zəmanətlərinin verilməsini nəzərdən keçirir.
BBN.az xəbər verir ki, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov “Almaniya-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025″in açılışında bildirib ki, dövlət müəssisələrinin bəzi vacib satınalmaları və investisiyaları üçün dövlət zəmanətlərinin verilməsi imkanları mövcuddur.
O qeyd edib ki, Azərbaycan Avropa və digər ölkələrdəki ixrac-kredit agentlikləri ilə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malikdir: “Bu, dövlət müəssisələrimiz üçün maliyyələşmədə əlverişli alət kimi çıxış edir”.
Mursaqulov əlavə edib ki, indiyədək hökumət iki mühüm layihəyə – bərpa olunan enerji və dəniz suyunun duzdan təmizlənməsi layihələrinə dövlət zəmanətləri verib. O, gələcəkdə göstərilən layihələr portfeli əsasında yeni zəmanət imkanlarının da nəzərdən keçiriləcəyini vurğulayıb.







