
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 5 milyard 492,16 milyon kubmetr təbii qaz ixrac edilib.
BBN.az xəbər verir ki, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına əsasən, bu göstərici ötən ilin ilk 6 ayı ilə müqayisədə 5,2% azdır.
İyunda isə Azərbaycandan Türkiyəyə 1 milyard 12,43 milyon kubmetr təbii qaz nəql olunub. Bu, illik müqayisədə 0,7% azalma deməkdir.
Bununla belə, Azərbaycan iyun ayında Türkiyənin ən böyük təbii qaz təchizatçısı olub. Həmin ay Türkiyənin ümumi qaz idxalının 33,9%-i Azərbaycanın payına düşüb.
Türkiyə iyunda ümumilikdə 3 milyard 59,66 milyon kubmetr təbii qaz idxal edib. Bunun 2 milyard 777,48 milyon kubmetri boru kəmərləri, 282,18 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) hesabına təmin olunub.
İyun ayında Türkiyəyə qaz ixracında ikinci yeri İran, üçüncü yeri isə Rusiya tutub. Rusiyadan Türkiyəyə 882,16 milyon kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 9,11% azdır.
Azərbaycandan Türkiyəyə əsasən “Şahdəniz” yatağından hasil olunan təbii qaz ixrac edilir. Qaz Türkiyə bazarına Cənubi Qafqaz Boru Kəməri və TANAP vasitəsilə çatdırılır.





