
Azərbaycanda dövlət maliyyəsinin idarə olunmasında şəffaflıq və operativliyi artırmaq məqsədilə yeni rəqəmsal platforma istifadəyə verilib. Söhbət “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemindən (RDMİS) gedir.
Bu barədə Azərbaycan Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, RDMİS vasitəsilə büdcə, xəzinədarlıq, dövlət borcu, mühasibat uçotu və digər maliyyə prosesləri vahid platforma üzərindən inteqrasiya olunmuş şəkildə idarə ediləcək. Bu yanaşma müxtəlif istiqamətlər üzrə məlumatların bir mərkəzdə toplanmasına və dövlət qurumları arasında koordinasiyanın daha səmərəli təşkilinə imkan yaradır.
Yeni sistem dövlət maliyyəsində şəffaflığın artırılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və hesabatlılığın yüksəldilməsinə xidmət edir. Eyni zamanda, Maliyyə Nazirliyinin bütün informasiya sistemlərinə vahid giriş və idarəetmə imkanı təqdim edir. Məlumatların mərkəzləşdirilmiş bazada toplanması və real vaxt rejimində göstəricilərə çıxış isə qərarların daha operativ və analitik əsaslarla qəbuluna şərait yaradacaq.
RDMİS ümumilikdə 13 altsistemdən ibarətdir. Bunlara “Büdcə məlumatlarını idarəetmə”, “Dövlət maliyyə nəzarəti”, “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi”, “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi”, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi”, “e-azadolma”, “e-müqavilə”, “e-mühasibat”, “e-rüsum”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” daxildir.
Qeyd olunub ki, aprelin 10-dan sistemin “e-müqavilə” altsistemi istifadəyə verilib. Bu modul dövlət satınalmalarının daha şəffaf, operativ və səmərəli təşkilinə imkan yaradır, büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin elektron şəkildə bağlanmasını və göndərilməsini təmin edir.
Xatırladaq ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə İlham Əliyev-in 26 yanvar 2026-cı il tarixli fərmanı ilə təsdiq edilib.




