Home » Azərbaycanda İslam bankçılığı pəncərələrinin tətbiqi banklar üçün yeni gəlir imkanları yaradacaq – Moody’s

Azərbaycanda İslam bankçılığı pəncərələrinin tətbiqi banklar üçün yeni gəlir imkanları yaradacaq – Moody’s

by yunus
0 comments 0 views 2 minutes read

Azərbaycanda “İslam bankçılığı pəncərələri”nin tətbiqi ölkənin bank sektoru üçün əlavə gəlir mənbələrinin formalaşmasına şərait yaradacaq.

BBN.az xəbər verir ki, bu barədə “Moody’s” Beynəlxalq Reytinq Agentliyi bildirib.

Qeyd olunur ki, 2024-cü il oktyabrın 7-də Azərbaycan Mərkəzi Bankı (AMB, reytinq – Baa3, proqnoz – “müsbət”) 2026-cı ildən etibarən ölkədə İslam bankçılığı məhsullarının tətbiqinə başlanacağını elan edib.

Agentliyin məlumatına əsasən, hazırda dövlət qurumları İslam maliyyəsinin inkişafını dəstəkləmək məqsədilə əlavə normativ-hüquqi islahatlar üzərində işləyir. Bu istiqamətdə Mülki Məcəllə, “Banklar haqqında” Qanun və Vergi Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur. Əsas təkliflərdən biri İslam maliyyə əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsidir.

Yeni hüquqi çərçivə təsdiqləndikdən sonra ənənəvi banklara İslam prinsiplərinə uyğun məhsulları “İslam pəncərələri” vasitəsilə təklif etməyə icazə veriləcək. İlkin mərhələdə məqsəd bazarı şəriət normalarına əsaslanan maliyyə məhsulları ilə tanış etmək və gələcək inkişaf üçün baza yaratmaqdır. Prosesə Mərkəzi Bank nəzarət edəcək, ehtiyac yarandıqda isə məhsul çeşidinin genişləndirilməsindən əvvəl tənzimləmələri dəqiqləşdirəcək.

“Moody’s” analitikləri hesab edirlər ki, bu dəyişikliklər bankların mənfəətliliyini artıracaq, likvidlik və maliyyələşmə göstəricilərini gücləndirəcək və nəticədə onların kredit reytinqlərinə müsbət təsir göstərəcək.

Qırğızıstan təcrübəsinin göstərdiyi kimi, bu cür təşəbbüslərin uğurlu tətbiqi İslam maliyyə xidmətlərinin genişlənməsinə və maliyyə inklüzivliyinin artmasına səbəb ola bilər. Azərbaycanda da “İslam pəncərələri” banklara bazarın indiyədək az əhatə olunan seqmentinə çıxış imkanı yaradacaq. Bundan başqa, sukuk (İslam istiqrazları) buraxılışını mümkün edən normativ baza İslam maliyyə institutlarından vəsait cəlb etməyə, likvidliyi artırmağa və onun idarə olunması üçün yeni alətlər əldə etməyə şərait yaradacaq.

Şəriət prinsiplərinə əsaslanan məhsulların təklifi bank sektorunda yeni gəlir istiqamətlərinin formalaşmasına da töhfə verəcək.

Hazırda Azərbaycanda nə tam İslam prinsipləri ilə fəaliyyət göstərən bank, nə də “İslam pəncərəsi” mövcuddur. Halbuki, ölkə əhalisinin 97 faizi (təxminən 10,4 milyon nəfər) İslam dininə mənsubdur ki, bu da potensial tələbin yüksək olduğunu göstərir. Lakin uyğun tənzimləmələrin olmaması bu sahənin inkişafını uzun müddət ləngidib. Bununla belə, güclü tələbat fonunda yeni alətlərin tətbiqi müəyyən əməliyyat və normativ çətinliklər səbəbindən tədricən həyata keçirilə bilər.

Agentlik xatırladır ki, Azərbaycan Beynəlxalq Bankı (ABB, reytinq – Ba1, proqnoz – “sabit”) 2013-cü ildə kiçik və orta biznes, eləcə də pərakəndə müştərilər üçün İslam bankçılığı şöbəsi yaratmışdı, lakin bu təşəbbüs 2015-ci ildə dayandırılmışdı.

“Moody’s” hesab edir ki, hazırkı planın uğurla həyata keçirilməsi Azərbaycanda tam İslam banklarının yaranmasına, sukuk emissiyası vasitəsilə kiçik və orta biznesin, eləcə də infrastruktur layihələrinin maliyyələşdirilməsinin dəstəklənməsinə şərait yaradacaq.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.