
Bu ilin ilk yarısında Azərbaycanda xarici maliyyə mənbələrindən əsas kapitala yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 % artaraq 2,4 milyard manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Pul Siyasəti İcmalı”nda bildirilib.
Sənədə əsasən, yanvar-iyun aylarında xarici mənbələrdən əsas kapitala yönəldilən investisiyalar ümumi investisiyaların 25,8 %-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz bəndi artıb.
Ümumilikdə, 6 ay ərzində Azərbaycanda əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 % çoxdur.
Hesabat dövründə neft-qaz sektoruna investisiyalar 34,3 % artaraq 3 milyard 163,6 milyon manat, qeyri-neft-qaz sektoruna investisiyalar isə 5,5 % artaraq 6 milyard 131,6 milyon manat təşkil edib.





