1 iyul 2024 -cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi və ABA -ya üzv bankların da iştirakı ilə EY ekspertləri ilə birgə vebinar keçirilmişdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026” qəbul edilmiş və icrası hazırda davam etdirilməkdədir. Yol xəritəsinin birinci strateji prioriteti üzrə “ 1.4. Maliyyə institutlarının iqlim dəyişmələri və ESİ riskləri sahəsində məlumatlığı və bilik-bacarıqlarının artırılması istiqamətində tədbirlərin təşkil edilməsi” tədbiri çərçivəsində növbəti təlimlərin keçirilməsi planlaşdırılır.
Belə təlimlərin davamı olaraq keçirilən vebinarda əsas məqsəd yol xəritəsinin realizasiyası çərçivəsində dayanıqlı maliyyə və ESİ prinsipləri barədə məlumatlığın artırılması və potensialın gücləndirilməsi olmuşdur.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.