Naxçıvan şəhərində energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilib. Tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri çıxış ediblər.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iki ölkənin qardaşlıq və müttəfiqlik münasibətlərinin regionda sabitlik və enerji təhlükəsizliyinin təminatında əhəmiyyətindən bəhs edib. Forum və Konfransın Naxçıvanda keçirilməsinin Muxtar Respublikanın “yaşıl enerji zonası”na çevrilməsi prosesinə töhfə verəcəyini qeyd edib: “Yaşıl enerji” layihələrinin reallaşdırılması yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çevirəcək və onun strateji əhəmiyyətini daha da artıracaqdır.”
Naxçıvanın bütün dövrlərdə Azərbaycan-Türkiyə münasibətlərinin mərkəzində olduğunu vurğulayan energetika naziri Pərviz Şahbazov deyib ki, hər iki ölkənin Prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın bir-birinə sarsılmaz inam və güvənlə yürütdükləri siyasət, onların liderliyi ilə tarixdə bənzəri olmayan Azərbaycan-Türkiyə birliyinin gücü qardaş-dost münasibətlərimizi müttəfiqlik statusuna yüksəldib. Bildirilib ki, Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirməyi və onu “yaşıl enerji” zonasına çevirməyi hədəfləyən yeni inkişaf mərhələsi Azərbaycan-Türkiyə enerji əməkdaşlığında yeni səhifədir: “Bu günlərdə illik 500 milyon kubmetr qaz tədarük edəcək İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, həmçinin Azərbaycanda və Türkiyədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıq sənədinin imzalanması mərasimində Azərbaycan-Türkiyə Prezidentlərinin iştirakı bir daha göstərdi ki, ölkələrimiz yeni strateji kursun birgə həyata keçirilməsində qərarlıdırlar və onların siyasi iradəsi bu prosesdə də həlledicidir.”
Külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın Naxçıvanı “yaşıl enerji”nin istehsalı – ixracının da mənbəyi və marşrutuna çevirəcəyi qeyd edilib. Bu xüsusda, “TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edildiyi bildirilib. “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyası, “Czech Engineering” şirkəti ilə günəş elektrik stansiyaları, eləcə də Almaniyanın “Notus” şirkəti ilə “yaşıl enerji” layihələrinin reallaşdırılması ilə bağlı planlar diqqətə çatdırılıb.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə çıxışında bildirib: “Türkiyə və Azərbaycan olaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP təbii qaz boru kəmərləri kimi regionumuzun və Avropanın enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verən böyük infrastruktur layihələrini yeni dövrdə bərpa olunan enerji, elektrik interkonnektor layihələri, mədənçilik kimi müxtəlif sahələrdə də inkişaf etdirmək istəyirik.”
BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri çıxışında “Masdar” şirkətinin Azərbaycandakı fəaliyyətinin önəmindən danışıb: “Ölkəm qısa zamanda COP28-də dünya liderlərini, sənaye öncüllərini və iqlim ekspertlərini qəbul edəcək. “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında aparılan müzakirələr bu ilin sonunda Dubayda keçiriləcək COP28 müzakirələrinə öz töhfəsini verəcək”.
Forum və Konfrans paralel şəkildə işini davam etdirib. Konfrans çərçivəsində “Enerji keçidi sahəsində dövlət siyasəti”, “Enerji keçidinə şirkətlərin baxışı və töhfəsi”, “Naxçıvan ”yaşıl enerji” zonası kimi: potensial imkanlar və layihələr”, “Naxçıvanın yaşıl enerji potensialının Türkiyəyə və Avropa bazarlarına ixracı imkanları”, “Naxçıvanda bərpa olunan enerji mənbələri sahəsində konseptual yanaşmalar və milli kontentin yaradılması imkanları”, “Naxçıvanda yaşıl enerji layihələrinin maliyyələşdirilməsi imkanları” mövzularında plenar sessiyalar keçirilib.
Tədbirlərdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Naxçıvan MR-in Nazirlər Kabinetinin Baş nazirinin müavini Bəxtiyar Məmmədov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin idarə heyətinin sədri Samir Axundov, “Azərenerji” ASC-nin vitse-prezidenti vəzifəsini icra edən Vüqar Şahmuradov, Naxçıvan MR-in Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, eləcə də BOTAŞ, TPAO, TEİAŞ, “ACWA Power”, “TotalEnergies”, “bp”, “Masdar”, “China Gezhouba Group Overseas Investment”, “Nobel Energy”, Türkiyə Külək Enerjisi Birliyi, MTA, EPİAŞ, TÜREB, GÜNDER, TEPSCO, Türkiyə Enerji Ticarəti Dərnəyi, “McKinsey & Company”, DTİK, Beynəlxalq Maliyyə Korporasiyası, İslam İnkişaf Bankının İslam Korporasiyası, Dünya Bankı, Asiya İnkişaf Bankının səlahiyyətli nümayəndələrinin çıxışları dinlənilib.
Yekunda “Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolu”, həmçinin “Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrası ilə əlaqədar 2023-2025-ci illərdə “TEİAŞ” və “Azərenerji” ASC-nin birgə həyata keçirəcəyi Yol Xəritəsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “A-Z Czech Engineering” MMC arasında Azərbaycan Respublikası ərazisində bərpa olunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “ACWA Power” şirkəti arasında Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi)” imzalanıb.