
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq məhsul satılıb. Bunun 22,2 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,2 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb. O cümlədən, ərzaq məhsulları, içkilər və tütün üzrə artım 1,3%, qeyri-ərzaq mallarında isə 6,7% təşkil edib.
Alıcıların xərclərinin strukturuna baxıldıqda, vəsaitin 50,7%-i ərzaq məhsullarına, 4,3%-i içkilər və tütünə, 12,9%-i geyim və ayaqqabılara, 6,1%-i yanacağa, 4,8%-i elektrik malları və mebellərə, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,3%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 17,5%-i isə digər qeyri-ərzaq mallarına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən subyektlər tərəfindən satılan malların dəyəri illik müqayisədə 3,8% artaraq ümumi dövriyyənin 99,8%-ni təşkil edib. Müəssisələr üzrə artım 8%, fərdi sahibkarlar üzrə 1%, bazar və yarmarkalar üzrə isə 3,9% olub.
Bu ilin yanvar-avqust aylarında əhalinin bir nəfəri pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 493,6 manatlıq alış-veriş edib. Bunun 271,4 manatı ərzaq məhsullarına, 222,2 manatı isə qeyri-ərzaq mallarına yönəlib.







