Proqram çərçivəsində regional tərəfdaşlığın gücləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO III Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən Mərkəzi Asiya regionunda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında ticarətin təşviqi üçün Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) tərəfindən həyata keçirilən əsas proqramın (“TCCA+”) fəaliyyətə başlamasına həsr olunan dəyirmi masada təmsil olunub.
Tədbirin açılışında Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müşaviri Abdulla Xaşımov və ITFC-nin baş icraçı direktoru və ICD-nin baş icraçı direktorunun vəzifəsini icra edən Hani Salem Sonbol “TCCA+” proqramının əhəmiyyəti, Mərkəzi Asiya ölkələri arasında ticarətin stimullaşdırılması baxımından vacib rolu barədə çıxış ediblər.
Dəyirmi masa Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Sərdar Corayev, Qazaxıstanın xarici işlər nazirinin müavini Nazira Nurbayeva, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin birinci müavini Aşurboy Solehzoda, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin birinci müavini Sanjarbek Bolotov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının Ticarət, investisiya və innovasiyalar bölməsinin direktoru Rupa Çanda və İslam İnkişaf Bankının regional rəhbərinin İbrahim Şükrinin iştirakı ilə “TCCA+” proqramının regional ticarətin və iqtisadi əməkdaşlığın inkişafına verəcəyi töhfə, o cümlədən birgə təşəbbüslərin reallaşdırılmasının perspektivlərini əhatə edən sual-cavab sessiyası ilə davam edib.
Sual-cavab sessiyasında AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin “TCCA+” proqramının ərsəyə gəlməsi çərçivəsində əlaqələndirmə işlərinə göstərdiyi dəstək haqqında danışıb.