
Gürcüstana birbaşa xarici investisiyaların (BXİ) həcmi 2025-ci ildə 19,3 faiz artaraq 1 milyard 900,4 milyon dollara çatıb. Azərbaycan isə 214,4 milyon dollar investisiya ilə Gürcüstanın əsas investorları sırasında ikinci yeri tutub.
Gürcüstan Milli Statistika Xidmətinin (Geostat) yenilənmiş məlumatlarına görə, 2025-ci ildə ölkəyə yatırılan birbaşa xarici investisiyaların həcmi 2024-cü illə müqayisədə 19,3 faiz, ilkin hesablamalarla müqayisədə isə 12,5 faiz çox olub.
Ölkələr üzrə ən böyük investor Böyük Britaniya olub. Bu ölkədən Gürcüstana 426,6 milyon dollar investisiya yatırılıb ki, bu da ümumi BXİ-nin 22,4 faizini təşkil edib.
Azərbaycan 214,4 milyon dollar və 11,3 faiz payla ikinci, Türkiyə isə 202,4 milyon dollar və 10,6 faiz payla üçüncü yerdə qərarlaşıb. Beləliklə, Böyük Britaniya, Azərbaycan və Türkiyənin Gürcüstanın 2025-ci ildə cəlb etdiyi birbaşa xarici investisiyalarda ümumi payı 44,4 faiz olub.
İnvestisiyaların əsas hissəsi təkrar investisiyaların payına düşüb. Belə ki, 2025-ci ildə təkrar investisiyalar ümumi BXİ-nin 82,5 faizini təşkil edib.
Sektorlar üzrə isə ən çox investisiya maliyyə və sığorta fəaliyyətinə yönəldilib. Bu sahəyə 633,2 milyon dollar sərmayə qoyulub ki, bu da ümumi investisiyaların 33,3 faizinə bərabərdir.
Daşınmaz əmlak sektoruna 254,7 milyon dollar, ticarət sektoruna isə 191,1 milyon dollar investisiya yatırılıb. Bu üç sektorun ümumi investisiyalardakı payı 56,8 faiz təşkil edib.





