Home » Azərbaycanda məsafədən istehlak kreditlərinə könüllü qadağa tətbiq etmək mümkün olacaq

Azərbaycanda məsafədən istehlak kreditlərinə könüllü qadağa tətbiq etmək mümkün olacaq

by yunus
0 comments 0 views 2 minutes read

Azərbaycanda məsafədən istehlak kreditlərinə könüllü qadağa tətbiq etmək mümkün olacaq

Azərbaycanda vətəndaşlar 2026-cı il oktyabrın 1-dən etibarən öz adlarına məsafədən istehlak kreditinin rəsmiləşdirilməsinə və kredit limitinin artırılmasına könüllü qadağa (özünəqadağa) tətbiq edə biləcəklər.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Bazar Davranışının Tənzimlənməsi Departamentinin direktoru Tamərlan Əliyev Trend-ə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, yeni mexanizmin əsas məqsədi rəqəmsallaşmanın sürətlənməsi fonunda artan kiberdələduzluq risklərinin qarşısını almaq və istehlakçıların maliyyə təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməkdir.

Tamərlan Əliyev bildirib ki, bəzi hallarda dələduzlar vətəndaşların şəxsi məlumatlarını və ya hesablarına çıxışı əldə etdikdən sonra onların adından məsafədən kredit rəsmiləşdirməyə cəhd göstərirlər. Yeni qaydalar məhz bu kimi halların qarşısının alınmasına, həmçinin düşünülməmiş maliyyə qərarlarından yaranan risklərin azaldılmasına xidmət edir.

Yeni qaydalara əsasən, vətəndaşlar özünəqadağanı bir və ya bir neçə bank və bank olmayan kredit təşkilatı üzrə, yaxud ölkədə fəaliyyət göstərən bütün kredit təşkilatlarına şamil edə biləcəklər. Bu isə şəxsi məlumatlardan qanunsuz istifadədən irəli gələn risklərin əhəmiyyətli dərəcədə azalmasına şərait yaradacaq.

Mərkəzi Bank rəsmisi qeyd edib ki, sözügedən qaydalar yalnız məsafədən rəsmiləşdirilən istehlak kreditlərinə və mövcud istehlak kreditləri üzrə kredit limitinin məsafədən artırılmasına şamil olunur. Vətəndaş kredit təşkilatına şəxsən müraciət etməklə istehlak krediti əldə edə biləcək və bunun üçün özünəqadağanı ləğv etməsinə ehtiyac olmayacaq.

Özünəqadağa iki formada tətbiq ediləcək. Birinci halda vətəndaş istənilən kredit təşkilatına müraciət edərək yalnız həmin təşkilat üzrə qadağa tətbiq edə biləcək. İkinci halda isə Azərbaycan Kredit Bürosunun Findoc.az elektron platforması və ya mobil tətbiqi vasitəsilə bütün kredit təşkilatları üzrə eyni vaxtda qadağa qoymaq mümkün olacaq. Bu halda qadağanın ləğvi müraciətdən sonra 24 saat keçdikdən sonra qüvvəyə minəcək.

Yeni tələblərə əsasən, kredit təşkilatları məsafədən istehlak krediti verməzdən və ya kredit limitini artırmazdan əvvəl mütləq müştərinin özünəqadağa tətbiq edib-etmədiyini yoxlamalıdır. Bunun üçün həm kredit təşkilatının daxili informasiya sistemindən, həm də Azərbaycan Kredit Bürosunun məlumat bazasından istifadə olunacaq.

Qaydalara əsasən, kredit təşkilatı qanunvericiliyin tələblərini pozaraq özünəqadağa tətbiq etmiş şəxsə məsafədən kredit verərsə və ya kredit limitini artırarsa, borcalan həmin kredit üzrə öhdəlikdən azad ediləcək. Bu müddəa kredit müqaviləsində ayrıca əks olunmalıdır.

Tamərlan Əliyev vurğulayıb ki, özünəqadağa mexanizmi könüllü xarakter daşıyır və xüsusilə kiberdələduzluq risklərindən əlavə qorunmaq istəyən şəxslər, yaşlı vətəndaşlar, rəqəmsal xidmətlərdən daha az istifadə edən istifadəçilər üçün faydalı ola bilər.

Bundan əlavə, yeni qaydalarda məsafədən rəsmiləşdirilən istehlak kreditləri üzrə “gözləmə müddəti” də nəzərdə tutulur. Belə ki, bir gün ərzində məsafədən verilən kreditin və ya artırılan kredit limitinin məbləği minimum əməkhaqqının iki mislinədək olduqda vəsait 2 saat sonra, bu həddi aşdıqda isə 24 saat sonra müştərinin hesabına köçürüləcək.

Mərkəzi Bankın məlumatına görə, gözləmə müddəti həm mümkün kiberdələduzluq hallarının qarşısını almağa, həm də istehlakçıların emosional və tələsik maliyyə qərarları verməsinin qarşısını almağa xidmət edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.