
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında ümumi əməliyyatların həcmi 25 milyard 19 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,1 faiz azdır.
Hesabat dövründə bazarda həyata keçirilən əməliyyatların 2 milyard 516,3 milyon manatı ilkin bazarın, 22 milyard 502,7 milyon manatı isə təkrar bazarın payına düşüb. İllik müqayisədə ilkin bazarda əməliyyatların həcmi 18,1 faiz, təkrar bazarda isə 33,4 faiz azalıb.
İlin ilk yarısında qiymətli kağızlar bazarında ümumilikdə 36 min 177 əqd bağlanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Bağlanmış əqdlərin 23 min 486-sı ilkin bazarda reallaşıb və bu seqmentdə əqdlərin sayı 15,7 dəfə artıb. Təkrar bazarda isə 12 min 691 əqd qeydə alınıb ki, bu da illik müqayisədə 12 faiz azalma deməkdir.
Əməliyyatların strukturunda ən böyük pay repo bazarına məxsus olub. Belə ki, ümumi dövriyyənin 21 milyard 566 milyon manatı və ya 86,2 faizi repo əməliyyatlarının payına düşüb. Korporativ qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 1 milyard 935,3 milyon manat (7,7 faiz), dövlət qiymətli kağızları üzrə əməliyyatlar isə 1 milyard 517,7 milyon manat (6,1 faiz) təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızları üzrə əməliyyatların həcmi 2,7 dəfə, repo əməliyyatlarının həcmi isə 30,9 faiz azalıb. Korporativ qiymətli kağızlarla əməliyyatların həcmi isə 23,7 faiz artıb.
Bağlanmış əqdlərin sayına görə isə korporativ qiymətli kağızlar bazarı üstünlük təşkil edib. Belə ki, ümumi əqdlərin 32 min 815-i və ya 90,7 faizi bu seqmentin payına düşüb. Repo əməliyyatları üzrə 3 028, dövlət qiymətli kağızları üzrə isə 334 əqd bağlanıb. İllik müqayisədə korporativ qiymətli kağızlar üzrə əqdlərin sayı 2,7 dəfə artıb, repo əməliyyatlarında 0,3 faiz artım qeydə alınıb, dövlət qiymətli kağızları üzrə əqdlərin sayı isə 44,4 faiz azalıb.




