Home » Banklarda məsafədən kreditləşmə qaydaları dəyişir – yeni məhdudiyyətlər tətbiq olunacaq

Banklarda məsafədən kreditləşmə qaydaları dəyişir – yeni məhdudiyyətlər tətbiq olunacaq

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı banklarda kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib.

Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Yeni qaydalara əsasən, banklar müştərilərə yazılı müraciət əsasında istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və kredit limitinin məsafədən artırılmasına bütün satış kanalları üzrə məhdudiyyət tətbiq etmək imkanı yaratmalıdır.

Bu məhdudiyyət yalnız müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə təqdim etdiyi yazılı müraciət əsasında ləğv edilə biləcək.

Bundan əlavə, bank məsafədən istehlak krediti verməzdən və ya kredit limitini artırmazdan əvvəl müştərinin belə bir məhdudiyyət tətbiq edib-etmədiyini həm öz informasiya sistemi, həm də kredit bürosunun informasiya sistemi vasitəsilə yoxlamalı olacaq. Məhdudiyyət qüvvədə olduğu halda məsafədən kredit müqaviləsinin bağlanmasına və ya kredit limitinin artırılmasına icazə verilməyəcək.

Qaydalara əsasən, məhdudiyyət tətbiq etmiş müştərinin adından məsafədən kredit və ya kredit limitinin artırılması üçün müraciət daxil olduqda, bank bu barədə müştərini dərhal mobil tətbiq və ya SMS vasitəsilə məlumatlandırmalıdır.

Həmçinin, məsafədən rəsmiləşdirilən istehlak kreditləri üzrə vəsaitlərin təqdim olunması üçün gözləmə müddəti müəyyən edilib. Gün ərzində verilən və ya artırılan vəsait minimum əməkhaqqının iki mislinədək olduqda, vəsait müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra təqdim ediləcək. Məbləğ minimum əməkhaqqının iki mislindən çox olduqda isə vəsait 24 saat sonra veriləcək.

Yeni tələblərə əsasən, istehlak krediti müqaviləsində müəyyən hallarda borcalanın verilmiş və ya artırılmış kredit üzrə öhdəlikdən azad edilməsini nəzərdə tutan müddəa da yer almalıdır. Eyni zamanda, məsafədən rəsmiləşdirilən kreditlər üzrə borcalanın tətbiq etdiyi məhdudiyyətə dair məlumat kredit dosyesinin ümumi sənədlər siyahısına daxil ediləcək.

Qərarda qeyd olunub ki, bu tələblər banklarla yanaşı, bank olmayan kredit təşkilatlarına da şamil ediləcək.

Qeyd edək ki, qərar 28 aprel tarixində imzalansa da, 2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.